Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

«Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"2.3. həmin qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;";

1.2. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. həmin qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2014-cü il

Müasir sənaye