Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı

Azərbaycan Respublikası Milli Məclisi qərara alır :

1. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.

2. Göstərilən Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndləri dövlət müəssisələrinə 1996-cı il mayın 1-dən şamil edilsin. Mülkiyyətin başqa formalarına əsaslanan müəssisələr (icraçılar) tərəfindən malların (işlərin, xidmətlərin) qüsurlarının aradan qaldırılması, habelə malların dəyişdirilməsi müddətləri istehlakçılar ilə razılaşmaya görə müəyyən edilsin.

3. Qanunun 10-cu maddəsinin 4-cü bəndi 1996-cı il yanvarın 1-dən qüvvəyə minsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

a) üç ay müddətində:

Azərbaycan Respublikasının qanunvericilik aktlarının «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin;

istehlakçıların hüquqları sahəsində münasibətləri tənzimləyən idarə normativ aktlarının, o cümlədən təlimatların ləğv olunmasını təmin etsin və Nazirlər Kabinetinin tövsiyə etdiyi normativ aktları həmin Qanuna uyğunlaşdırsın;

təhlükəsizlik tələblərinə uyğun gəlməyən malların Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısını almaq üçün tədbirlər kompleksini müəyyənləşdirsin;

b) altı ay müddətində:

malın (işin, xidmətin) qüsurları nəticəsində istehlakçıların məruz qaldığı itkilərin müəssisə (sahibkar) iflas olduqda (müflisləşdikdə), habelə onun əmlakı istehlakçıların tələblərini yerinə yetirməyə kifayət etmədikdə ödənilməsi qaydası haqqında təkliflər hazırlasın və Milli Məclisə təqdim etsin;

c) bu Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək və icra mexanizmini müəyyənləşdirmək məqsədi ilə lazımi normativ-metodiki sənədlərin, qaydaların və digər qanunvericilik aktlarının qəbul edilməsini təmin etsin.

Zərurət yarandıqda qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırsın.

5. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu özünün qüvvəyə minməsindən sonra yaranmış hüquq münasibətlərinə tətbiq edilir.

Müasir sənaye