Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: 

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1-ci maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:

“7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

Müasir sənaye