Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Xəbərlər
  • 28 İyun 2016
    Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb

    27 iyun 2016-cı il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb. İclasdan öncə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib.

    İclasda çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri  Ramiz Həsənov ölkəmizdə beynəlxalq və regional tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri aldığını bildirib. MDB ölkələrinin standartlaşdırma üzrə milli qurumlarının rəhbər şəxslərinin təmsil olunduğu iclasda komitə sədri qeyd edib ki, son illər Azərbaycanda ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində keyfiyyət infrastrukturunun tərkib hissələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində əsaslı nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracqabiliyyətli məhsulların istehsal həcminin artırılması məqsədilə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı ardıcıl islahatlar aparılmaqdadır. Ramiz Həsənovun sözlərinə görə, ötən il texniki tənzimləmə və standartlaşdırma sisteminin müasir  hüquqi bazasının yaradılması çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanun layihələri beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilib və Hökumətə təqdim edilib. Komitə sədri Azərbaycanın iqtisadi inkişaf dayanıqlığına və ölkənin dünya bazarlarına çıxışına köməklik etmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin uğurla bitdiyini, hazırda isə “Metrologiya sisteminin müasirləşdirilməsi və inkişafına dəstək” adlı yeni layihənin icra olunduğunu qeyd edib. Ötən il Azərbaycanda “Neft texnologiyası – qaz hasilatı və neft emalı məhsulları” və “Alternativ və bərpa olunan enerji və enerjieffektivlik” sahələrinin standartlaşdırılması üzrə Texniki Komitələr (TK) yaradılıb, hazırda “Nəqliyyat üzrə” yeni TK-nın yaradılması üzərində işlər aparılır. Hazırda milli standartlar fondunda 917 standart mövcuddur ki, bunlardan 40 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb.

    Ramiz Həsənov Azərbaycanın etalon bazasının daha da genişləndirilməsi və müasir tələblərə cavab verilməsi məqsədi ilə tikilmiş yeni laboratoriya binasının istifadəyə verildiyini, 20-dən çox yeni etalon laboratoriyasının qurulması istiqamətində işlərin sürətləndirildiyini qeyd edib. Həmçinin o bildirib ki, ölkəmiz ötən ildən etibarən Ölçülər və Çəkilər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub. Bununla da Azərbaycanda aparılan ölçmələrin dünyada tanınması istiqamətində ilk mərhələ icra olunub.

    Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkili məqsədilə komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Beynəlxalq Akkreditasiya Forumu və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına tam hüquqlu üzvlüyü ilə bağlı işlərin sürətləndirildiyi bildirilib.

     İclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi, Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun direktoru Nikolay Soneç, Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Belarus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Ukrayna Respublikası Milli Akkreditasiya Agentliyinin sədri Viktor Qoritskiy, Qırğızıstan Respublikasının Akkreditasiya Mərkəzinin direktoru Janıbek Çapayev, Qazaxıstan Respublikasının Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjan Koneşev, Moldova Respublikasının Milli Akkreditasiya Mərkəzinin direktoru Eujeniya Spoyale, Polşa Respublikasının Standartlaşdırma Komitəsinin vitse-prezidenti Jolanta Kochanska və digərləri çıxış edərək bir daha Azərbaycanda olmaqdan məmnunluq ifadə ediblər. Onlar son dövrlərdə ölkəmizin uğurları, keyfiyyət infrastrukturu sahələri üzrə əldə olunan nailiyyətlərdən yaxından tanış olduqlarını qeyd ediblər.

    Sonra iclas gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam etdirilib.  Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, ticarətdə texniki maneələr barədə qarşılıqlı anlaşma saziş layihəsi, dövlətlərarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə müasir tələblərə cavab verən etalonların tətbiqi, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının qarşılıqlı tanınması və s. məsələlər üzrə müzakirələr aparılıb.

     

    Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxsləri tərəfindən iclasın Protokolu imzalanıb.

  • 05 May 2016
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

    Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası “İlin Patentləri” müəyyən olunub

    05 may 2016-cı il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

    Mərasimdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində Respublika Müsabiqəsinin keçirilməsi təşəbbüsünün heç də təsadüfi yaranmadığını,  ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmağın və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq, intellektual və elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu vurğulayan komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır. Sədrin sözlərinə görə, ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. O həmçinin qeyd edib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Ramiz Həsənov yerli sənayenin və ticarətin daha sürətlə inkişaf etdirilməsi məqsədilə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını xüsusi vurğulayıb. Aparılan islahatlar iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətli inkişafına xidmət edir. Müasir elmin sənayedə tətbiqi, müxtəlif sənaye mülkiyyəti obyektlərinin, ixtiraların praktiki istifadə mexanizmləri, patentlərin istifadəsi hesabına ixtiraçıların sosial vəziyyətlərinin yaxşılaşdırılması, bu sahədə stimullaşdırma tədbirlərinin gücləndirilməsi ilə bağlı layihələrin vacibliyini bildirən Ramiz Həsənov, bunun həm də ixrac qabiliyyətli məhsulların çeşidinin artırılmasına, ölkəyə valyuta axınının yüksəlməsinə və ümumilikdə elm tutumlu sənaye məhsulları hesabına qeyri-neft sektorunun davamlı inkişafına zəmanət verəcəyinə əminliyini bildirib..

    Sonra qaliblərin mükafatlandırılması olub.

    Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibitoru”, “4-Fenil-o-ftalodinitrilin alınma üsulu”, “Element kükürdün həll edilmə üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neftveriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün motor yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi”, “Погружной электродвигатель” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülüb. Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

    Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu yüksək qiymətləndirib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə ölkəmizdə qeyri-neft sektorunun inkişafında əqli mülkiyyətin rolunu və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kursun müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildirib.

     

     

  • 21 Aprel 2016
    Bakı şəhərində satılan bir neçə adda kolbasa məhsullarının tərkibində at əti müəyyən edilib

    Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan “Delikat” və “Nur” əmttəə nişanlı kolbasa məmulatları aşkar edilib.

    Belə ki, bazarın ərazisində fəaliyyət göstərən fiziki şəxs Süleymanov Vüqar Tofiq oğluna məxsus ərzaq mağazasında satılan, markalanmasında Bakı şəhəri, Nizami r-nu, Keşlə qəsəbəsi, Mikayıl Əliyev küçəsi 3 ünvanında fiziki şəxs V.Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan “Delikat” əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasanın qlafının alt hissəsində standarta uyğun olmayan iri qara ləkələr, eyni zamanda xarab olma əlamətləri, həmcins olmayan konsistensiya, ağ qatı məhlulun müxtəlif sahələrində topa halında yığılması kimi məhsula xas olmayan əlamətlər müəyyən olunub.

    Həmin bazarın ərazisində səyyar şəkildə taxta altlıqlar üzərinə qoyularaq saxlanılma rejiminə riayət olunmadan satışı həyata keçirilən, markalanmasında Bakı şəhəri, Xəzər r-nu, Şimal Dress Kooperativ k.31 ünvanında fiziki şəxs Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan “Nur” əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasa məhsullarının da keyfiyyəti ilə bağlı şübhələr yaranıb.       

    Adıçəkilən məhsul nümunələrinin keyfiyyət və təhlükəsizliyinin yoxlanılması məqsədilə komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida laboratoriyasında sınaqları aparılıb. Sınaq nəticələrinə əsasən hər iki məhsulun at ətindən hazırlandığı, təhlükəsizlik göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub. Araşdırmalar davam etdirilir. Faktla bağlı hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyatı orqanlara göndərilib.

     

     

bütün xəbərlər
Müasir sənaye